Litva Prezidenti : "Ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq"
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyi:
- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.
İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, - informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyata qədər, - həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir.
Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var.
Bir daha xoş gəlmisiniz və Azərbaycana səfər etdiyiniz üçün Sizə təşəkkür edirik.
Litva Prezidenti Gitanas Nauseda deyib:
- Təşəkkür edirəm, cənab Prezident. Siz bizim müzakirə etmək imkanımızın olduğu məsələləri artıq qeyd etdiniz. Onların arasında regionda təhlükəsizliklə bağlı vəziyyət və ümumilikdə bir çox sahələrdə əməkdaşlığımız və iqtisadi əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən nazir müavinlərindən ibarət nümayəndə heyəti, iqtisadiyyat, nəqliyyat, təhsil, kənd təsərrüfatı nazirlərinin müavinləri mənimlə birlikdədirlər. Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, xüsusilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artdığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir. Mən Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub. İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.
XXX
Mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Litva Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam və ölkəmizdə xoş vaxt keçirməyinizi arzu edirəm. Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq. Səfəriniz çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var. İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.
Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik. İki il bundan öncə bizim videokonfrans vasitəsilə görüşümüz oldu. Mən bu təşəbbüsə görə minnətdaram, bu, bizim ilk tanışlığımız idi. Bu gün isə Sizi qəbul etməyimdən məmnunam. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz və buradan xoş xatirələrlə ayrılacaqsınız. Bir daha xoş gəlmisiniz, səfərinizin xoş keçməyini arzu edirəm.
Litva Prezidenti Gitanas Nauseda deyib:
- Sağ olun, qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan vermək üçün çox yaxşı fürsətdir. Mən ümidvaram ki, biz bu potensialı müəyyənləşdirərək ondan istifadə edəcəyik. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq.
İkitərəfli münasibətlərimiz və iqtisadi əlaqələrimiz əhəmiyyətlidir və şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Düzgün bilirəmsə, biz də orada açılış nitqi ilə çıxış edəcəyik.
Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir. Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.
Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
19 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 22 d. əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 18 saat əvvəl
-
19 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
21 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
























