Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıbMaliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Müəyyən edilib ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.
Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi işçilərinin say həddini müəyyən etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
XXX
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi (bundan sonra – Agentlik) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirmək və icra göstəricilərini təhlil etmək;
2.1.2. dövlət müəssisələrinin xalis mənfəətindən dövlət büdcəsinə dividendlərin ödənilməsinə nəzarəti həyata keçirmək;
2.1.3. dövlət müəssisələrinin maliyyə və digər risklərini müəyyən etmək və bu risklərin dövlət maliyyəsinə təsiri potensialını qiymətləndirmək, dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək;
2.1.4. dövlət müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsait üzrə büdcə proqnozunun tərtibində iştirak etmək;
2.1.5. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Agentliyin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. dövlət müəssisələrindən onların maliyyə vəziyyətinə və maliyyə fəaliyyətinə dair rüblük məlumatları, habelə illik və ortamüddətli dövr üzrə büdcə layihələrini və proqnoz göstəricilərini, həmçinin təsdiq edilmiş büdcələrini almaq;
3.1.2. dövlət müəssisələrindən əldə edilən hesabat və məlumatlar əsasında onların illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini və icra göstəricilərinin təhlilini aparmaq;
3.1.3. dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinə Nazirliklə razılaşdırmaqla rəy vermək;
3.1.4. dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə gəlir və xərclərinin optimallaşdırılması məqsədilə təhlillər aparmaq və dövlət müəssisələrinin ortamüddətli dövr üzrə səmərəlilik göstəricilərinin, habelə dövlət müəssisələrinin biznes və inkişaf strategiyaları üzrə hədəf göstəricilərinin müəyyən edilməsi üçün Nazirliyə təkliflər təqdim etmək və bu hədəflərin icrasını izləmək;
3.1.5. dövlət müəssisələrinin xərclərinin funksional və iqtisadi təsnifat üzrə göstəricilərini təhlil etmək;
3.1.6. dövlət müəssisələrinin ayrı-ayrılıqda, tabe olduğu qurumlar üzrə və icmal olaraq maliyyə və səmərəlilik göstəricilərinin, o cümlədən maliyyə-iqtisadi sağlamlığının cari vəziyyətini və dinamikasını ölçmək;
3.1.7. risk əsaslı analiz və monitorinq məqsədilə erkən xəbərdarlıq testləri hazırlamaq, dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətini risk əsaslı təhlil etmək və risk səviyyələrini müəyyən etmək;
3.1.8. beynəlxalq təşkilatların qabaqcıl təcrübəsi nəzərə alınmaqla, dövlət müəssisələrində stress-testlər aparılması və digər qiymətləndirmə alətlərinin tətbiqi yolu ilə dövlət müəssisələrinin ayrı-ayrılıqda, tabe olduqları qurumlar üzrə və icmal olaraq fiskal riskləri müəyyən etmək;
3.1.9. dövlət müəssisələrində aşkarlanmış fiskal risklərin digər müəssisələrə, həmçinin dövlət maliyyəsinə, o cümlədən dövlət büdcəsinə və dövlət borcuna mümkün təsirini, habelə həmin risklərin digər müəssisələrdə yaranma potensialını qiymətləndirmək;
3.1.10. dövlət müəssisələrinin fiskal risklərinə dair illik hesabatlar hazırlamaq;
3.1.11. dövlət müəssisələrinin fəaliyyətinin onların idarəetmə siyasəti çərçivəsində tətbiq olunan qaydalara və normativlərə uyğunluğu ilə bağlı təhlillər aparmaq;
3.1.12. dövlət müəssisələrinin dövlət büdcəsinin proqnoz və icrası ilə bağlı fəaliyyətinə dair müvafiq tədbirlər görülməsi istiqamətində Nazirliyə təkliflər vermək;
3.1.13. dövlət müəssisələrinin dividendləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak etmək, o cümlədən bununla əlaqədar təhlillər aparmaq;
3.1.14. dövlət müəssisələri tərəfindən təqdim ediləcək illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili ilə bağlı dövri məlumat və hesabatların forma və məzmunu barədə Nazirliyə təkliflər təqdim etmək;
3.1.15. dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının rüblük olaraq icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili, habelə bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumat bazasının formalaşdırılması ilə bağlı tədbirlər görmək;
3.1.16. hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən dövlət müəssisələri tərəfindən dövlət büdcəsinə ödəniləcək dividendlərin və dövlət büdcəsindən dövlət müəssisələrinə ayrılacaq vəsaitin (o cümlədən subsidiyaların, dövlət sifarişi ilə təyinatlı tədbirlərin həyata keçirilməsi üçün ödənilən məqsədli vəsaitin və s.) həcminin müəyyən edilməsi ilə bağlı Nazirliyə təkliflər təqdim etmək;
3.1.17. dövlət müəssisələrində mühasibat uçotunun aparılmasının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunluğuna nəzarət etmək;
3.1.18. dövlət müəssisələrinin bölüşdürülmüş xalis mənfəətinin icrasını izləmək və dividendlərin müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödənilməsinə nəzarət etmək;
3.1.19. dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqinin, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqinin və icra göstəricilərinin təhlilinin nəticələri əsasında dövlət müəssisələrinin maliyyə sağlamlığının cari vəziyyəti və dinamikası barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək məlumatla bağlı Nazirliyə təkliflər təqdim etmək;
3.1.20. öz fəaliyyətini Nazirliyin digər struktur bölmələri ilə əlaqələndirmək;
3.1.21. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.22. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;
3.1.23. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.24. Agentliyin fəaliyyət sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.1.25. Agentliyin fəaliyyət sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.26. Agentliyə ayrılan büdcə vəsaitindən, fəaliyyət istiqamətləri üzrə əldə olunan büdcədənkənar vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;
3.1.27. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.28. Agentlikdə kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək;
3.1.29. Agentlikdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;
3.1.30. Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.1.31. icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;
3.1.32. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Agentliyin hüquqları
4.1. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün Agentlik aşağıdakı hüquqlara malikdir:
4.1.1. dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən səmərəliliyin və mənfəətliliyin artırılması ilə bağlı Nazirliyə təkliflər vermək;
4.1.2. dövlət müəssisələri ilə onların fiskal risklərinin idarə edilməsi və azaldılması istiqamətində Nazirliklə razılaşdırmaqla müzakirələr aparmaq;
4.1.3. dövlət müəssisələri tərəfindən Agentliyə təqdim edilməli olan hesabat və məlumatların vaxtında və düzgün təqdim edilməsinin təmini üçün bildirişlər vermək və onların tabe olduğu dövlət orqanlarına (qurumlarına) məlumat vermək;
4.1.4. dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsi, büdcə tərtibi ilə bağlı onlara tövsiyə vermək, habelə hesabatlılığı ilə bağlı metodiki dəstək göstərmək;
4.1.5. fəaliyyət sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.1.6. fəaliyyət sahəsi ilə əlaqədar müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək, fəaliyyətinə dair analitik materiallar hazırlamaq, aidiyyəti üzrə təkliflər təqdim etmək;
4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;
4.1.8. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına) və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.9. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
4.1.10. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;
4.1.11. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
4.1.12. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
4.1.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
4.1.15. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.2. Agentliyin direktorunun Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır. Agentliyin direktorunun müavinləri onlara Agentliyin direktorunun həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.3. Agentliyin direktoru:
5.3.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.3.2. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.3.3. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.3.4. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir, habelə Agentliyin struktur bölmələrinin əsasnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq edir;
5.3.5. Agentliyin direktorunun müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri, onların müavinləri istisna olmaqla, Nazirliyin razılığı ilə Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.3.6. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;
5.3.7. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.3.8. Nazirliyin iş planında və qərarlarında, Azərbaycan Respublikası maliyyə nazirinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.3.9. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
5.3.10. digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.3.11. Agentliyin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.3.12. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür;
5.3.13. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin verilməsini təmin edir;
5.3.14. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi, habelə həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şuranın yaradılması barədə Nazirliyə təkliflər verir;
5.3.15. Agentliyin vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;
5.3.16. normativ hüquqi aktlara uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4. Agentliyin direktoru öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
3 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
3 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
4 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı


























